← Bütün xəbərlər 🔥 Gündəm

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

🕒 16.10.2026 21:06
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat21:06
🗂️ KateqoriyaGündəm
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Salyan, 16 oktyabr,

Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrası, dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi qarşıda duran əsas vəzifələrdəndir.

Bölgə müxbiri xəbər verir ki, bu fikirlər Salyanda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirədə səsləndirilib.

Müşavirədə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayıb. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib və Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının əsas prioritetləri barədə söz açıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyi, iqtisadi potensialının artdığı, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu diqqətə çatdırılıb.

Çıxışlar zamanı gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin təhsilinə və inkişafına diqqətin artırılması, eləcə də dövlət siyasətinin prioritetlərinin ictimaiyyətə çatdırılması məsələləri xüsusi vurğulanıb. Bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin, əhali ilə əlaqələrin genişləndirilməsinin və gənclərin ictimai təşəbbüslərə cəlb edilməsinin vacibliyi qeyd olunub.

Müşavirədə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi məsələlərinə də toxunulub. Həmçinin dövlətçilik ənənələrinin qorunmasının, milli maraqların müdafiəsinin, ölkənin iqtisadi qüdrətinin artırılmasının və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Müxbir-Aydın Yavərzadə

▲