Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları - Foto/Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
Xəbər verir ki, layihə çərçivəsində növbəti material Amasiya kəndi haqqındadır.
Çar və sovet mənbələrində kənd Amasiya adı ilə qeyd edilib. 1951-ci ildə kəndin adı Qukasyan olaraq dəyişdirilib, 1956-cı ildə isə kəndə əvvəlki adını qaytarıblar.
1995-ci ildən kənd Ermənistan Respublikasının Şirak vilayətinin tərkibindədir.
1877-1878-ci illər Rus-türk müharibəsi ərəfəsində kəndin ərazisi Osmanlı imperiyasının Qars sancağının tərkibində olub. Müharibənin nəticələrinə əsasən, Osmanlı İmperiyasının Qarsı, Ərdəhanı və Batumu (indiki Batumini) Rusiyaya güzəştə getməyə məcbur olduğu Berlin müqaviləsi bağlanıb. Çar Rusiyası dövründə kənd Qars vilayətinin Qars dairəsinə aid olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Ayrı-ayrı mənbələrdə onlar qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu) kimi göstəriliblər.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı qarapapaqlar olmaqla 274 nəfər yaşayıb.
Zaven Korkotyan. Son yüz ildə sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə 406 nəfər yaşayıb, onlardan 378 nəfəri azərbaycanlıların əcdadları olub.
Qars vilayətinin 1906-cı ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1905-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla 372 nəfər yaşayıb.
Qars vilayətinin 1908-ci ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1907-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla 502 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi:
1911-ci ildə kənddə 528 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
Qars vilayətinin 1914-cü ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1913-cü ildə kənddə hamısı qarapapaqlar olmaqla 555 nəfər yaşayıb.
1915-ci ilə olan Qafqaz təqvimi:
1914-cü ildə kənddə 564 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1919-1920-ci illərdə erməni hərbi dəstələri və birinci Ermənistan Respublikasının qoşunları Rusiya işğalına qədər Osmanlı imperiyasına məxsus olmuş Qars vilayətində müsəlmanlara qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, o cümlədən Zəngəzur, Qarabağ və Naxçıvanda baş verib.
Amasiya sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması təsdiq edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il sovet Ermənistanı əhalisinin siyahıyaalınmasının nəticələri ilə müqayisə etdikdə görünür.
1922-ci ildə kənddə 167 nəfər yaşayıb, onlardan 161 nəfəri azərbaycanlı olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bir tərəfdə Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdə Türkiyə olmaqla bağlanmış 1921-ci il Qars müqaviləsinə əsasən, kənd sovet Ermənistanının tərkibinə daxil olub.
Sonrakı illərdə Amasiyada erməni əhalinin sayı nəzərəçarpacaq dərəcədə artmağa başlayıb.
1930-cu ildən kənd Ağbaba rayonunun inzibati mərkəzi olub, rayon sonradan Amasiya adlandırılıb.
Sovet və erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarınadək kəndin ərazisində azərbaycanlılar yaşayıblar.
1926-cı ildə kənddə 357 nəfər yaşayıb, onlardan 199 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə 645 nəfər yaşayıb, onlardan 237 nəfəri azərbaycanlı olub.
Əhalinin 1939-cu il Ümumittifaq siyahıyaalınması. SSRİ-nin müttəfiq respublikalarının rayon, şəhər və iri kənd əhalisinin milli tərkibi:
1939-cu ildə kənddə 1 031 nəfər yaşayıb, onlardan 424 nəfəri azərbaycanlı olub.
A.P.Manvelyan, G.M.Martirosyan. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 1 527 nəfər, əsasən, ermənilər yaşayıblar.
T.X.Akopyan, St.T.Məlik-Baxşyan, O.X.Barseqyan. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 2 773 nəfər yaşayıb.
1980-ci ildə kənddə 3 175 nəfər yaşayıb.
1989-cu ildə kənddə 2 554 nəfər yaşayıb.