← Bütün xəbərlər 🔥 Gündəm

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

🕒 16.10.2026 16:54
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat16:54
🗂️ KateqoriyaGündəm
Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Bakı, 16 oktyabr,

Prezident İlham Əliyevin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər son 30 ildə regionda baş verən prosesləri və hazırkı sülh gündəliyini obyektiv qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın milli təhlükəsizlik maraqları, regional risklər və münaqişənin tarixi dərsləri gələcək siyasətin müəyyənləşdirilməsində nəzərə alınmalıdır.

Bu sözləri açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib.

O bildirib ki, dövlət başçısı regional geosiyasi vəziyyətin və təhlükəsizlik risklərinin düzgün qiymətləndirilməsi xüsusi diqqət çəkir: “Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarını əsas götürən praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir. Münaqişə dövründə baş verən hadisələr, işğal və azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlər unudulmamalı, bu tarixi həqiqətlər gələcək nəsillərə çatdırılmalıdır. Azərbaycanın milli təhlükəsizlik strategiyasında, Hərbi Doktrinasında və xarici siyasətində mövcud və potensial təhdidlər daim nəzərə alınmalıdır”.

Siyasi şərhçi Azərbaycanın sülhə üstünlük verdiyini xatırladaraq bildirib: “Ölkəmiz 2020-ci ilin noyabrında, 44 günlük Vətən müharibəsindən dərhal sonra Ermənistana sülh sazişi təklif edib. Bununla belə, Ermənistanın silahlanması və keçmiş münaqişə ilə əlaqəli şəxslərin ölkənin siyasi həyatında fəallaşması regionda təhlükəsizlik məsələlərinin aktuallığını qoruduğunu göstərir”.

Müşfiq Abdullanın sözlərinə görə, beynəlxalq təşkilatların və bir sıra dövlətlərin münaqişə dövründə tutduğu mövqe, eləcə də işğala görə Ermənistana qarşı vaxtında təsirli tədbirlərin görülməməsi cəzasızlıq mühitinin yaranmasına şərait yaradıb: “Vaxtında adekvat beynəlxalq tədbirlər görülsəydi, işğal daha əvvəl aradan qaldırıla və regionda sülhün təmin olunması prosesi sürətlənə bilərdi. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin fəaliyyətini də tənqid edərək bildirib ki, münaqişənin həllinə töhfə verməli olan vasitəçilik mexanizmi gözlənilən nəticəni verməyib. Postmünaqişə dövründə də Avropa Parlamenti və digər siyasi qurumların Azərbaycana qarşı qəbul etdiyi qətnamələr sülh prosesinə mənfi təsir göstərir”.

O vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olunub. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra isə qondarma rejimin bir sıra rəhbərləri həbs edilərək hüquqi məsuliyyətə cəlb olunublar. Azərbaycan bundan sonra da öz milli maraqlarını və suverenliyini əsas götürməli, regionda davamlı sülhün təmin olunmasına yönəlmiş siyasətini praqmatik yanaşma əsasında davam etdirməlidir.

“Azərbaycan 30 ilə yaxın müddətdə xarici təzyiqlərə baxmayaraq, işğalın nəticələrini qəbul etmədiyi kimi, 2020-ci ildən sonra regionumuzda baş verən proseslər və yaranmış reallıqlar bu cür sanksiyalarla, qətnamələrlə ölkəmizi özünün haqlı mövqeyindən döndərməyin mümkün olmayacağını təsdiq edir”, - deyə M.Abdulla əlavə edib.

▲