Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub
Bakı, 16 oktyabr,
Oktyabrın 15-də Bakının Nizami rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, müşavirədə rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilat rəhbərləri, siyasi partiya və ictimai birliklərin nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Əvvəlcə müşavirə iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay ölkənin qarşısında yeni strateji hədəflər müəyyənləşdirib. Prezident İlham Əliyevin nitqində dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialın artırılması, milli-mənəvi dəyərlərin qorunması və ideoloji işin gücləndirilməsi əsas prioritetlər kimi diqqətə çatdırılıb.
Qeyd olunub ki, regionda yaranmış yeni reallıqlar dövlət qurumları və vətəndaşlar qarşısında daha böyük məsuliyyət və peşəkarlıq tələb edir. Güclü dövlətin, sağlam cəmiyyətin və vətənpərvər nəslin formalaşdırılması Azərbaycanın gələcək inkişafının əsas şərtlərindəndir.
Vurğulanıb ki, Nizami rayonunun idarə və təşkilatları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri qurultayda qarşıya qoyulan vəzifələrin icrası üçün birgə səylərini davam etdirəcəklər.