BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Paris, 16 oktyabr,
Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, Fransanın dövlət sektorunun 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı ölkənin ümumi milli sərvətinin 26,3 faizinə, yəni 690 milyard avroya bərabərdir. İqtisadçı Aqnes Verdye-Molinye bu rəqəmin yüksək görünsə də, əsaslı olduğunu bildirir.
BVF və Dünya Bankının bu həftə Banqkokda keçirilən toplantılarında Fransanın dövlət maliyyəsinin vəziyyəti də müzakirə olunur.
“Capital” jurnalının şərhçisi Aqnes Verdye-Molinye “Europe 1” radiostansiyasına açıqlamasında bildirib ki, Fransanın Xəzinədarlıq Agentliyi əvvəlcədən 340 milyard avroluq maliyyələşmə ehtiyacı açıqlasa da, bu hesablamaya yalnız orta və uzunmüddətli borc emissiyaları daxildir. Qısamüddətli borcların yenilənməsi də nəzərə alındıqda, dövlətin maliyyə ehtiyacı təxminən 540 milyard avroya çatır. Yerli hakimiyyət orqanları, sosial təminat qurumları, xəstəxanalar və digər dövlət strukturlarının ehtiyacları əlavə edildikdə isə BVF-nin göstərdiyi 690 milyard avroluq məbləğə yaxınlaşılır.
İqtisadçının sözlərinə görə, bu ehtiyaclar vergi gəlirləri hesabına deyil, maliyyə bazarlarından borclanma yolu ilə qarşılanacaq. Təxminən 5 faizlik faiz dərəcələri ilə yeni borcların cəlb edilməsi dövlət maliyyəsi üzərində təzyiqi artırır.
BVF-nin icraçı direktoru Kristalina Georgiyeva da Fransanın borc və büdcə kəsirini maliyyə bazarlarını arxayın edəcək səviyyəyə endirməsinin vaxt tələb edəcəyini bildirib. O, büdcə gəlirlərinin artırılmasına, xərclərin səmərələşdirilməsinə və dövlət maliyyəsinin idarə edilməsinin yaxşılaşdırılmasına çağırıb.