Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Ağcabədi, 16 oktyabr,
Laçın Rayon İcra Hakimiyyətində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.
Bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli müşavirədə çıxış edərək, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətindən bəhs edib. Bildirib ki, ölkəmizdə davamlı sosial-iqtisadi inkişafla yanaşı, ictimai-siyasi sabitliyin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə aidiyyəti qurumların, təhsil müəssisələrinin, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərinin və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti gücləndirilməli, ailələr və gənclərlə maarifləndirici iş sistemli şəkildə təşkil olunmalıdır. Uşaqların zərərli informasiya təsirlərindən qorunması, valideynlərin maarifləndirilməsi və sağlam dünyagörüşünün formalaşdırılması daim diqqət mərkəzində saxlanılmalıdır.
Müşavirədə çıxış edən Laçın Rayon Ağsaqqallar Şurasının sədr müavini Səyyaf Məmiyev milli-mənəvi dəyərlərin qorunmasının, ailə tərbiyəsinin və gənc nəslə böyüklərə hörmət, Vətənə sevgi kimi keyfiyyətlərin aşılanmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, ağsaqqallar gənclərin düzgün istiqamətləndirilməsində və cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında mühüm rol oynayırlar.
Laçın rayonu üzrə Təhsil sektorunun müdiri Nicat Həsənov təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna uyğun tərbiyəsinin diqqət mərkəzində saxlanıldığını bildirib: “Gənc nəslin savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Bu məqsədə nail olmaq üçün məktəb və ailə arasında əməkdaşlıq gücləndirilməli, şagirdlərin zərərli informasiya təsirlərindən qorunmasına xüsusi diqqət yetirilməlidir”.
Vətən müharibəsi qazisi Cövhər Sadıqzadə gənclərin Vətənə bağlılıq, dövlətçilik prinsiplərinə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən danışıb. “Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir. Gənclərimiz ölkəmizin qazandığı tarixi Zəfərin əhəmiyyətini dərindən dərk etməli, şəhidlərimizin qəhrəmanlığını və Vətən uğrunda mübarizə nümunələrini daim yaşatmalıdırlar”.
Şəhid qardaşı Eldar Novruzov şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlıq nümunəsinin gənc nəslə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O, Vətənə sədaqət, milli birlik və dövlətçiliyə bağlılıq kimi dəyərlərin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu qeyd edib.
Ağanus kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nəzakət Quliyeva məktəblilərin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin təhsil işçilərinin əsas vəzifələrindən olduğunu deyib. O, şagirdlərin informasiya təhlükəsizliyinin təmin olunmasının, onların zərərli ideoloji təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.
Çıxışlarda qeyd edilib ki, güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət və savadlı, vətənpərvər nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Bu dayaqları qorumaq və daha da möhkəmləndirmək hər bir Azərbaycan vətəndaşının üzərinə düşən çox mühüm vəzifədir.
Müxbir – Tahir Ağaməmmədov