Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Bakı, 16 oktyabr,
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Qəlbimizdə yaşayanlar” adlı konsert keçirilib. Tədbirdə şəhid övladlarından təşkil olunmuş “Qəhrəman övladları” xoru da iştirak edib.
Konsert proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində gənc opera solistləri, “Mezzo” uşaq xorunun kiçik yaşlı ifaçıları, eləcə də “Mezzo” qadın kamera orkestri çıxış ediblər.
“Qəhrəman övladları” uşaq xorunun çıxışı tamaşaçıların xüsusi marağına səbəb olub. Şəhid Uşaqlarının İncəsənət Akademiyasının kollektivi Bakı Musiqi Akademiyasının professoru, Qara Qarayev adına Uşaq İncəsənət Məktəbinin direktoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın rəhbərliyi ilə səhnəyə çıxıb.
Konsert başlamazdan əvvəl müxbiri ilə söhbətində Beynəlxalq Opera Festivalının təşkilatçısı, Xalq artisti Fidan Hacıyeva şəhid ailələrindən olan uşaqların tədbirdə iştirakının əhəmiyyətini vurğulayıb.
“İlk növbədə, bu xoru yaratdığına görə Könül xanım Hüseynovaya təşəkkür etmək istəyirəm. Bugünkü konsertdə iştirak etmək həmin uşaqlar üçün əsl bayramdır. Onlar səhnəyə böyük həvəslə çıxırlar. Bu uşaqlara mütləq sevgi və diqqət göstərilməlidir. Bizə bu gözəl məkanı təqdim etdiklərinə görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə də təşəkkürümü bildirirəm. Bu gün çox maraqlı konsert olacaq. Səhnədə yeni istedadları görəcəyik. Mən də şəhid ailələrindən olan uşaqlarla birlikdə çıxış edəcəyəm. Könül Hüseynovanın Xalq şairi Vahid Əzizin sözlərinə bəstələdiyi “Şuşam mənim” mahnısını ifa edəcəyik”, – deyə Xalq artisti əlavə edib.
Qeyd edək ki, builki Opera Festivalı sentyabrın 7-dən dekabrın 7-dək Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi ilə, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilir. Festival ölkənin müxtəlif bölgələrini əhatə edəcək. Festival çərçivəsində təşkil olunan konsert proqramları Azərbaycanın hüdudlarından kənarda da təqdim olunacaq.