"Oğlanların universitet bitirdikdən sonra əsgərliyə aparılması düzgün deyil"
"Oğlanların universitet bitirdikdən sonra əsgərliyə aparılması düzgün deyil"
"Müstəqil Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşaması, elmi təmələ söykənən iqtisadi siyasət nəticəsində keçid dövrünü inamla başa vurması Ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ardıcıl və tarazlı tərəqqinin təmin edilməsi üçün elmin və təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olub. Elmə, təhsilə yüksək dəyər verən, bu sahələrin saflığını təmin edən, ziyalı, alim adının ucalığını saxlamaq üçün qətiyyətli addımlar atan Heydər Əliyev respublikanın elmi prinsiplər üzərində inkişafının təməlini qoyub, yeni-yeni ali məktəblər, elmi-tədqiqat institutları açıb, ali məktəblərə qəbul prosesində şəffaflığı və obyektivliyi təmin edib, gələcək naminə azərbaycanlı kadrların hazırlanması üçün minlərlə gənci xarici ölkələrin aparıcı mərkəzlərində təhsil almağa göndərib".

Bu sözləri Sonxeber.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, cəmiyyətdə elmin dəyəri düzgün qiymətləndirilməlidir:

"Qeyd etmək istəyirəm ki, elmi faydalı hala gətirmək üçün alim əməyi layiqincə qiymətləndirilməlidir. Belə olsa, gənclər də elmin ardınca gedərlər. Alimin qədrini bilmək üçün elmin cəmiyyətdə yeri düzgün dəyərləndirilməlidir.

Təəsüf ki, dediyim kimi, bu gün gənclər elm arxasınca getməkdə o qədər də maraqlı deyillər. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Əlbəttə ki, ilk səbəb elmi fəaliyyətə görə verilən əmək haqqının aşağı olmağıdırsa, sonrakı yerdə institutlarda, elmi mərkəzlərdə gənclər üçün ciddi maneələrin olması ilə bağlıdır.

Dünya ölkələrində elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 ətrafındadır. Belə yaşda gənclər özlərini elmə tam həsr edə bilirlər. Bu yaşdan sonra həyat öz şərtini diktə edir. Ailə, uşaq qayğısı əlavə vaxt tələb edir. Ölkəmizdə isə bu, mümkün deyil. Bizdə elmi dərəcə alanların, kəşflərdə adı olanların yaşı 40-50-dən yuxarıdır. Çünki bu yaşa qədər onlar öz sosial problemlərini həll etməklə məşğul olurlar.

Məsələn, bizim gənclərin maqistraturadan, həm də doktoranturadan əsgərliyə aparılmasını müdrik addım hesab etmək olmaz. İsrail kimi bəzi ölkələrdə gəncləri əsgərliyə orta məktəbdən sonra, yəni unversitetdən qabaq aparırlar. Bu, sonrakı təhsil trayektoriyasının sınmaması üçün edilir.

Qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərdə gənclərin 80 faizindən çoxu universitetlərdə oxuyur. Ancaq bu göstərici bizdə 20%-dən azdır. Alim olmaq Vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir".

Ekspertin sözlərinə görə, alimin təqaüdə çıxma yaşı da müzakirəyə ehtiyacı olan məsələlərdəndir:

"Bu gün gənclərin elmlə məşğul olması, elmi ad alması müşkül məsələdir. Amma deputatlar, icra başçıları bu adı "növbədən kənar" rahatlıqla ala bilirlər.

Bazar iqtisadiyyatı şəraitində dayanıqlı iqtisadi inkişafın təminatı, ilk növbədə, elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb edir. İqtisadi sahədə yeniliklərə (innovasiyaya) əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, intellektual potensialdan səmərəli istifadə, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi bilik toplumunun inkişafında ən önəmli amildir. Hazırda Azərbaycan iqtisadi islahatları uğurla davam etdirərək keyfiyyətcə yeni dönəmə - bilik və texnologiyaya əsaslanan iqtisadi oriyentirə doğru irəliləyir. Bu oriyentirin əsas məqsədi isə iqtisadiyyatın ən müasir elmi biliklərə əsaslanan nailiyyətlərindən istifadə etməkdir. Məhz buna görə də milli strategiya Azərbaycan elminin intellektual potensialının gücləndirilməsinə dair müvafiq tədbirlərin gerçəkləşdirilməsini tələb edir və elmin son nailiyyətlərinin ali məktəblərin tədris proqramlarına daxil edilməsi tələbini qəti şəkildə ortaya qoyur".

Baxılıb: 1255   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe