"İran Ermənistan üçün illər boyu bir "nəfəs borusu" olub" - Deputat
"İran Ermənistan üçün illər boyu bir "nəfəs borusu" olub" - Deputat
"Azərbaycanın ötən ilin sentyabr ayında başlanan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi və parlaq qələbədən sonra İran tərəfindən səslənən bəyanatlar qəbuledilməzdir".

Bu sözləri Sonxeber.az-a deputat Cavid Osmanov deyib.

O vurğulayıb ki, İran Azərbaycanın daxili işlərinə qarışa bilməz:

"İran bilməlidir ki, Azərbaycan uzun illərdir, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdür və heç bir ölkədən aslılığı yoxdur. Azərbaycan hər zaman dünya ölkələrinə dostluq, əməkdaşlıq təklif edən, multikultural dəyərlərə özündə çox böyük dəyər verən ölkədir.

Uzun illər boyu, xüsusilə də Birinci Qarabağ müharibəsində, Ermənistan tərəfinin özünün də açıq etiraf etdiyi kimi, İran Ermənistan üçün bir "nəfəs borusu" olub.

1992-ci ildə, Şuşanın işğalı zamanı da İran, əbəttə ki, ədalətsiz rəftar nümayiş etdirmişdi. Vətən müharibəsi boyunca və ondan sonrakı dövrdə də İran tərəfi Ermənistana çox böyük dəstək verirb: yanacaq, silah-sursat daşıyıb. Bu, qəbuledilməzdir.

İran, İslam ölkəsi olmasına baxmayaraq, Ermənistanın 30 il müddətində işğal altında saxladığı Azərbaycanın 20 faiz torpaqlarında dini və mədəni abidələrimizi təhqir və darmadağın etməsinə növbəti dəfə heç bir reaksiya vermədi.

İran yeganə İslam ölkəsidir ki, Ermənistanla diplomatik əlaqələrini, əməkdaşlığını bu illər ərzində daha da möhkəmləndirib, halbuki bir sıra İslam ölkələri Ermənistanın Azərbaycana təcavüzünə görə bu ölkəylə hətta diplomatik əlaqələrini də kəsib.

30 il müddətində, Azərbaycan torpaqları işğala məruz qalan zaman İran sərhədlərdə heç bir təlim keçirtmədi, lakin torpaqlarımız azad edildikdən, İran-Azərbaycan sərhədi bərpa olunduqdan sonra, çox təəssüf ki, burada genişmiqyaslı təlimlər başlandı.

Maraqlıdır ki, əyalət mollasının "ağzını əyə-əyə" Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsindən sonra istər Xarici İşlər Nazirliyi, istər Müdafiə Nazirliyi, istərsə də deputatlar səviyyəsində İran rəhbərliyi Azərbaycana qarşı soyuq qərəz nümayiş etdirdi.

Bu hallar yolverilməzdir. Bir daha təkrar edirəm ki, Azərbaycan müstəqil ölkədir. İranın böhtan xarakterli ittihamlarının əksinə, ölkəmizin ərazisində hər hansı bir dövlətin hərbi bazası, yaxud birləşmələri mövcud deyil. İranın belə mövqeyi qəbuledilməzdir. Təəssüflər olsun ki, Azərbaycanın dost və mehriban qonşuluq münasibətləri müqabilində biz bu ölkə tərəfindən tam əksini görürük".

Baxılıb: 302   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe