Qadınların təhsildə olması problem yaradır? - AÇIQLAMA
Qadınların təhsildə olması problem yaradır? - AÇIQLAMA
Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını qeyd etdib. Bu fikir, təbii olaraq, xanımlarımızı narahat etməyə başlayıb.

Məsələ ilə bağlı Sonxeber az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O, hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mininin qadın, 3600-ünün isə kişi olduğunu qeyd edib:

"İlk növbədə qeyd edim ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür.

Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-cı illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı.

Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimlər tədris edirlər.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd və rayonlarında qadın müəllimlər yox dərəcəsində olub. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərilirdi.

Müəllim kimi yeni işə başlayan gənc, təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bır kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur.

Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir.

Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Kişilərin sayının qadınların sayından üstün olduğu ölkələrdə bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edir.

Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi və formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb.

Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa, dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin.

Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərə pulsuz və yüksək səviyyədə tibbi xidmət göstərilməlidir.

Bilirsiniz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı, deputata verilən əmək haqqını müəllimə verməliyik.

Bundan əlavə, cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir.

Bütün bunlar ona görə edilməlidir ki, ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir".

Baxılıb: 695   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe